“Zərf haqqında bəzi qeydlər” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında “Zərf haqqında bəzi qeydlər” mövzusunda elmi seminar keçirilib. Kafedra müdiri professor Tofiq Hacıyev seminarın mövzusunun əhəmiyyətinə toxunaraq, zərfin müasir dilçilik üçün aktual olduğunu və aktual olduğu kimi də, gələcək tədqiqatların aparılmasına yol açdığını vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Sənubər Abdullayeva Azərbaycan dilində zərfin yaranmasında iştirak edən morfoloji və sintaktik üsullardan, eyni zamanda başqa dillərə məxsus sözlər və canlı danışıq dili materialları hesabına inkişaf və zənginləşmə yollarından bəhs edib. Məruzədə müasir dilimizdə tərkib hissələrinə ayrılmayan bir sıra zərflərin tarixən düzəltmə sözlərdən ibarət olduğu vurğulanıb. Azərbaycan dilçiliyində xüsusi izaha ehtiyacı olan sadə zərflərin tərkib hissələrinin ya tamamilə, ya da müasir dövr üçün tərkib hissələrindən bir hissəsinin arxaikləşdiyi bildirilib. O, zərflə bağlı olan mübahisəli məqamlara toxunaraq, mövzunun aktuallığını şərtləndirən məsələləri diqqət mərkəzində saxlayıb. S.Abdullayeva türk yazılı abidələrindən bəhs edərkən X.Q.Niqmatov və E.Nəcip kimi türkoloqlara istinad edib, “Gülüstan” və “Kitabi-Dədə Qorqud” kimi abidələrin dilindən nümunələr verib.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar olunub.