Professor Mətanət Abdullayevanın “Mənəviyyat xəzinəsi – klassik poeziya” mövzusunda elmi seminarı
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Mənəviyyat xəzinəsi – klassik poeziya” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və fakültə əməkdaşları iştirak ediblər.
Məruzəçi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva klassik poeziyanı fəlsəfi düşüncəni, insanın və dünyanın sirlərini özündə əks etdirən poetik söz sənəti olaraq tədqiq etməyin vacibliyindən danışıb. Məruzəçi bildirib ki, klassik poeziyanı fərqləndirən cəhət onun dilinin rəmzi-metaforik olmasındadır. Belə poeziyanı həm etnik, həm dini fəlsəfi, həm də universal düçüncə kontekstində tədqiq etmək lazımdır. Metaforlar və rəmzlər nominativ yox, polisemantik müstəvidə mənalandırılmalıdır. Tədqiqatçı varoluşun ekzistensiyasından tam xəbərsizdirsə, rəmz və metaforların batini mənalarını nə duya, nə də anlaya biləcək. Mətanət Abdullayeva fikirlərini Şərq mütəfəkkirlərinin yaradıcılıqlarından gətirdiyi nümunələrlə əsaslandırıb.
Sonra kafedranın dosentləri - Şəhla Əliyeva, Rəna Mahmudova, Əhəd Cavadov və digər iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb, məruzəçiyə suallar ünvanlayıblar. Seminar iştirakçıları maraqlı və aktual mövzuda hazırlanmış çıxışa görə professor Mətanət Abdullayevaya təşəkkür ediblər.