“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında (ETL) “Şanlı tariximizin əbədi qələbəsi -5il” adlı elmi-nəzəri seminar keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
“Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva Zəfər günü münasibəti ilə əməkdaşları təbrik edərək bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və sərkərdəliyi ilə 30 illik işğala 44 gün ərzində son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və ölkəmiz qalib dövlətə çevrildi. Vətən müharibəsinin başa çatmasından dərhal sonra Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib, bu torpaqlarda həyat yenidən canlanıb. Bu qələbə dövlətçilik tariximizin ən şanlı səhifəsi oldu.
Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ülviyyə İbrahimova çıxış edərək bildirib ki, 8 Noyabr 2020-ci il Vətən müharibəsində qazanılan böyük qələbənin rəmzidir. Bu qələbə ilə Ali Baş Komandan, ordu, xalq birliyi öz sözünü deyə bildi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, milli ləyaqətimiz, tarixi ədalət, xalqın özünə inamı bərpa edildi.
Samirə Quliyeva öz çıxışında qeyd edib ki, müharibə zamanı ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri dini və milli dəyərlər ətrafında birləşərək vətən sevgisini nümayiş etdirdi. Zəfər yürüşünün ilk addımları Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd və Kənd Horadiz kimi ərazilərindən başlandı. Bu torpaqlar bu gün bizim üçün xüsusi mənəvi əhəmiyyət daşıyır – burada qələbəmizin təməli qoyulub, düşmən məğlubiyyətinin başlanğıcı yazıldı.
İlhamə Babanlı çıxış edərək qeyd edib ki, 8 Noyabr – Zəfər Günü təkcə 30 illik işğalın deyil, iki əsrlik zülm və soyqırımı faciələrinin sonu, xalqımızın tarixi ədaləti bərpa etdiyi gündür. Azərbaycan xalqı sanki çiynindəki ağır yükdən azad olmaq üçün bütün gücünü səfərbər etdi. Şəhidlər vətənimizin şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular, ölümləri ilə əbədi ölməzlik qazandılar.
Rəna Cavadova vurğulayıb ki, xalqımızın əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq–iqtidar birliyi ölkəmizin tarixi qələbəsini təmin edən əsas amillər oldu. Azərbaycan xalqı ulu əcdadlarının dövlətçilik və hərb ənənələrindən ilhamlanaraq yeni qəhrəmanlıq salnaməsi yazdı və bütün dünyaya özünün qalib xalq olduğunu sübut etdi.
Fərqanə Əliyeva çıxışında vurğulayıb ki, 8 Noyabr xalqımızın şanlı tarixinə qızıl ilmələrlə işlənib. Qarabağ zəfərinin simvolu sayılan Şuşa əməliyyatı müasir hərb tarixində yeni taktiki üsullarla həyata keçirilib və bütün dünyanın diqqətini cəlb edib.
Fərqanə Ağayeva da çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatından bəhs edib. O vurğulayıb ki, düşmənin uzun illər ərzində qurduğu müdafiə xətti artıq müharibənin ilk günlərində yarıldı, Azərbaycan Ordusu qətiyyətlə irəliləyərək ardıcıl şəkildə yaşayış məntəqələrimizi azad etdi.
Tədbir sonda Azad Şabanovun “Qarabağdan Salamlar” (məktub) mahnısının ifası ilə yekunlaşıb.