“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib

BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan kafedra müdiri, professor İlhamə Hacıyeva mövzunun aktuallığından danışaraq, akademik yazı sahəsində tədris və tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd edib, bu sahədə gənc nəslin – magistrant və doktorantların düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra söz məruzəçilərə verilib.
Kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə foktoru Ramil Bayramov “Akademik yazıda bütövlük və əsas prinsiplər” adlı məruzəsində akademik akademik yazının bütövlüyü, mətnin bütövlüyünü təmin edən əsas xüsusiyyətlər, orijinallıq və fərdi tədqiqatın rolu, o cümlədən akademik yazının məntiqi struktur, ardıcıllıq, dəqiqlik, aydınlıq, obyektivlik və tərəfsizlik kimi əsas prinsipləri haqqında geniş məlumat verib.
“Akademik yazıda tətbiq olunan modellər” adlı məruzə ilə çıxış edən kafedranın müəllimi Pərvin Eyvazov akademik yazıda tətbiq olunan müasir modellər – IMRaD, akademik yazıda strukturlaşdırılmış yanaşma, huni, problem yönümlü, arqument – əks arqument – sintez, tematik, xronoloji və hamburger modellərindən danışıb, onların struktur baxımından müqayisəsinı aparıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçilərə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.