Fakültənin tarixi

1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Universitetin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı ixtisası, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir.

Fakültə Elmi Şurasının iclasından (1970-ci illər)Bu sonuncu ixtisas üzrə tələbələr ilk növbədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər. 1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilmiş və beləliklə, 1922-ci il martın 30-dan rus dili və ədəbiyyatı ixtisası tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi fəalyyət göstərmişdir. 1923-1924-cü tədris ilində tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrilir, indiki rus dili və ədəbiyyatı ixtisası həmin fakültənin üç şöbəsindən biri olur. 1924-1925-ci tədris ilində ictimai elmlər fakültəsi pedaqoji fakültə ilə əvəz olunur. 1925-1926-cı tədris ilinin əvvəlində pedaqoji fakültədə dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırılır. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək-Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirir. Bakı Dövlət Universiteti təşkil olunarkən tarix-filologiya fakültəsinin ilk dekanı Ümumi tarix kafedrasının professoru Nikolay Aleksandroviç Dubrovski olmuşdur. O bu vəzifədə 10 ay işləmiş, sonra bu vəzifəni prof.Leonid Aleksandroviç İşkov tutmuşdur. 1920-ci illərin əvvəllərində filologiyanın tədrisi ilə bilavasitə 10 kafedra məşğul olmuşdur: Ümumi (müqaysəli) dilçilik; Rus ədəbiyyatı; Rus dili; Qərbi Avropa ədəbiyyatı tarixi; Klassik filologiya; Slavyan filologiyası; Gürcü filologiyası; Türkologiya; Türk ədəbiyyatları tarixi; İncəsənət tarixi. Bu kafedralardan bəziləri sonralar bağlanır.
Görkəmli alimlərimiz müdafiədən sonra (1970-ci illər)

Gürcü filologiyası kafedrası 1922-ci ildə, Slavyan filologiyası kafedrası isə 1924-cü ildə ləğv edilir. 1920-ci illərdə ədəbiyyat və dil fənlərindən V.V.Sipovski, V.İ.İvanov, A.V.Baqri, V.B.Tomaşevski, N.İ.Aşmarin, B.Çobanzadə, R.İ.Şor və başqa alimlər mühazirələr oxumuşlar. Azərbaycanın görkəmli yazıçısı Ə.Haqverdiyev 1921-ci ilin oktyabrından Azərbaycan ədəbiyyatı tarixi fənnindən dərs demişdir. Görkəmli türkoloqlar N.İ.Aşmarin 1923-cü ilin oktyabrından, B.Çobanzadə isə 1925-ci ilin martından türkologiya kafedrasında müdir olmuşlar. Məşhur türkoloq akademik A.İ.Samoyloviç bu kafedra üzrə mühazirə oxumuşdur. 1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açılır. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas üzrə - «Azərbaycan dili və ədəbiyyatı», «rus dili və ədəbiyyatı» ixtisasları üzrə aparılır.

 Müstəqil filologiya fakültəsinin ilk dekanlığı rus ədəbiyyatı kafedrasının professoru Aleksandr Vasilyeviç Baqriyə tapşırılır. 1939-1940-cı tədris ilində fakültənin nəzdində 7 kafedra açılır: Azərbaycan dilçiliyi; Ümumi dilçilik; Azərbaycan ədəbiyyatı; Azərbaycan dilinin praktik kursu; Rus dilçiliyi; Rus dilinin praktik kursu; Klassik filologiya. 1943-cü ilin oktyabrında filologiya fakültəsində Şərq şöbəsi təşkil olunur. Ancaq bu şöbə filologiya fakültəsinin tərkibində çox qalmır, növbəti dərs ilində müstəqil Şərq fakültəsi yaradılır. 1942-1944-cü illərdə fakültənin dekanı vəzifəsində məşhur dilçi alim prof. Məmmədağa Şirəli oğlu Şirəliyev çalışır. 1945-1946-cı tədris ilində filologiya fakültəsində jurnalistika şöbəsi, 1946-1947-ci tədris ilində incəsənət şöbəsi, 1947-1948-ci tədris ilində kitabxanaçılıq, habelə məntiq, psixologiya və Azərbaycan dili şöbələri açılır, fakültədəki kafedraların sayı xeyli artır. Rus ədəbiyyatı, Qərbi Avropa ədəbiyyatı, İncəsənət tarixi və nəzəriyyəsi, Məntiq və psixologiya, Kitabxanaçılıq, Sovet mətbuatının nəzəriyyə və təcrübəsi kafedraları fəaliyyətə başlayır. Jurnalistika və kitabxanaçılıq şöbələri sonralar filologiyadan ayrılıb müstəqil fakültələrə çevrilir.

Fakültənin alimləri qəbul imtahanı zamanı (1970-ci illər)

1951-1952-ci tədris ilində İncəsənət kafedrası ləğv edilir. Fakültənin nəzdində Məntiq və psixologiya kafedrası isə 1947-ci ildən 1956-cı ilə kimi fəaliyyət göstərir. 1945-ci ildən fakültəyə aşağıdakı alimlər rəhbərlik etmişlər: dos. Həbibullah Səmədzadə (1945-1947), dos. Cəfər Xəndan Hacıyev (1947-1949), dos. Məmməd Cəfər Cəfərov (1949-1951), prof. Əli Sultanlı (1951-1953), dos. Muxtar Hüseynzadə (1953-1957), prof. Əli Sultanlı (1957-1959), dos. Seyfulla Əliyev (1959-1962), prof. Əlövsət Abdullayev (1962-1967), prof. Ağamusa Axundov (1967-1974), prof. Əkbər Ağayev (1974-1976), prof. Firudin Hüseynov (1976-1980), prof. Ağamusa Axundov (1980-1990), prof. Aqil Hacıyev (1990-1992), prof. Nizami Cəfərov (1994-2001), prof. Qara Namazov (2002-2006), prof. Elbrus Əzizov (2006-2011), dos. Məhərrəm Vəliyev(2011-2016). 2016-cı il iyun ayının 3-dən fakültənin dekanı BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Elçin Hüseyn oğlu Məmmədovdur.

Azərbaycan filologiyasının formalaşması və inkişafında BDU-nun professor-müəllim heyətinin əvəzsiz xidmətləri olmuşdur. Müxtəlif dövrlərdə ayrı-ayrı alimlərin (Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Əli Sultanlı, Muxtar Hüseynzadə, Cəfər Xəndan Hacıyev, Məmmədhüseyn Təhmasib, Hadi Mirzəzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Əlövsət Abdullayev, Səlim Cəfərov, Fərhad Zeynalov, Məmməd Tağıyev, Əkbər Ağayev, Abdulla Vəliyev, Firudin Cəlal oğlu Hüseynov, Əliyar Səfərli, Musa Adilov, Firudin Hüseyn oğlu Hüseynov, Şamil Qurbanov, Samət Əlizadə və b.) ardıcıl fəaliyyətinin nəticəsi kimi, həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətlərində bir neçə elmi-pedaqoji məktəb formalaşmış, həmin məktəblər respublikada filoloji fikrin inkişafında mühüm rol oynamışdır.

Qeyd etmək lazımdır ki, bu akademik məktəblərin yaranmasında Bəkir Çobanzadənin müstəsna xidmətləri olub. Belə ki, sovet dövrü akademik dilçilik məktəbinin əsasını məhz B.Çobanzadə qoymuşdur. Digər görkəmli ziyalılarımız kimi, o da 1937-ci ildə əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunmuş, beləliklə, onun başladığı işlər yarımçıq qalmışdır. 1940-cı illərin sonu – 1950-ci illərin əvvəlindən başlayaraq, onun əsasını qoyduğu elmi istiqamətlər üzrə yenidən tədqiqatlar aparılmağa başlanmış, dilçilik və ədəbiyyatşünaslıq aspektlərində bir neçə elmi-pedaqoji məktəb formalaşmışdır ki, həmin akademik məktəblər bu gün də yeni-yeni alim nəsilləri ilə fəaliyyətini davam etdirir. Bu elmi-pedaqoji məktəblər Filologiya fakültəsində irs-varislik əlaqələrinin möhkəm təməl üzərində qurulduğunu sübut edir.

2011-2012-ci tədris ilində Filologiya fakültəsi BDU üzrə «İlin fakültəsi» nominasiyasının qalibi olmuşdur. Hal-hazırda fakültədə 15 kafedra və 4 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Fakültədə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın reyestrində olan «Dil və ədəbiyyat» və «Folklorşünaslıq məsələləri» beynəlxalq elmi-nəzəri jurnalları nəşr edilir. Fakültə əməkdaşları respublikada və xaricdə həm elmi əsərləri, həm də konfrans və simpoziumlardakı maraqlı məruzələri ilə tanınırlar. Fakültə Türkiyə, İran, Rusiya, Almaniya, Fransa və başqa ölkələrin müvafiq elm və təhsil ocaqları ilə elmi və pedaqoji əlaqələrə malikdir.
2019-cu il iyul ayının 09-da BDU-nun 100 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət