Fərqanə Dövlət Universitetinin əməkdaşı BDU-nun Filologiya fakültəsinin qonağı olub

Özbəkistanın Fərqanə Dövlət Universitetinin Strateji inkişaf və beynəlxalq reytinqlər şöbəsinin əməkdaşı Cövhər Müseyibzadə BDU-nun Filologiya fakültəsinin qonağı olub. Görüşdə Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Sevinc Məmmədova və Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Pərvin Eyvazov iştirak ediblər.
Dekan müavini Anar Fərəcov BDU ilə Özbəkistan Universitetləri arasındakı elmi-pedaqoji əməkdaşlığın son dövlər daha da genişlənməsindən və bu istiqamətdə filologiya sahəsində elmi əlaqələrin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.
Fərqanə Dövlət Universitetinin əməkdaşı Cövhər Müseyibzadə türkologiya sahəsində əlaqələrin qurulmasının, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsinin önəmindən danışıb. Bildirib ki, Fərqanə Dövlət Universitetində yaradılması planlaşdırılan Repressiya qurbanları muzeyində həmin qanlı terrorun qurbanı olmuş azərbaycanlı ziyalıların fəaliyyətinin də yer alması, o cümlədən görkəmli türkoloq alim, professor Bəkir Çobanzadənin həyatı və fəaliyyəti haqqında Azərbaycanda aparılan araşdırmalarla tanışlıq, onların muzey üçün əldə olunması diqqət mərkəzində saxlanılır.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Pərvin Eyvazov Bəkir Çobanzadə irsinin Azərbaycanda araşdırılması, o cümlədən alimin irsinin BDU-da öyrənilməsi ilə bağlı görülən işlərdən danışıb, universitetdə B.Çobanzadənin yubileylərinə həsr olunmuş elmi konfransların materiallar toplusunu qonağa hədiyyə edib.