Filologiya fakültəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş elmi seminar təşkil edilib.
Seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı “Üzeyir Hacıbəyli: şəxsiyyət, sənət və müasirlik” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan xalqının millət kimi formalaşmasında və özünü tarix səhnəsində təsdiq etməsində böyük şəxsiyyətlərin, o cümlədən Üzeyir Hacıbəylinin müstəsna rolu vurğulanıb. Qeyd olunub ki, XX əsrin əvvəllərində dövləti olmayan və dövlətçilik ənənələri hələ formalaşmamış Azərbaycanda millətin ruhunu ifadə edən şəxsiyyətlər mətbuat, teatr, musiqi və ədəbiyyat kimi milli təsisatlarda xalqın danışan dili oldular. Onların sırasında Üzeyir bəy Hacıbəyli həm milli mədəniyyətin qurucusu kimi, həm də musiqidə, ədəbiyyatda və publisistikada millətin səsini ifadə edən simvol kimi fərqlənir.
Seminarda Sovet dövründə, Azərbaycan xalqının milli dəyərlərinə qarşı terror şəraitində mənəvi varlığımızın qorunmasında Üzeyir bəyin xidmətləri ayrıca qeyd edilib.
M.Osmanoğlu təqdimatında Üzeyir bəyin həyat və yaradıcılığının əsas məqamlarını təhlil edərək nitqini bu cümlələrlə tamamlayıb: “Üzeyir bəy qurucusu olduğu millətin ruhunu musiqinin, ədəbiyyatın və publisistikanın dili ilə səsləndirdi; bu səsi həm dərdini çəkdiyi Şərqin mənəvi dərinliklərindən, həm də Qərbin rasional sisteminin köynəyindən keçirdi. Onun yaratdığı harmoniya mədəniyyətlərin dialoqunda azərbaycançılığın səsi kimi bu gün də yaşayır və yaşayacaq. Üzeyir bəy keçmişi gələcəyə çevirən şəxsiyyətdir. Gələcəyin üfüqləri isə sonsuzdur.”
Seminarın sonunda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Üzeyir Hacıbəylinin şəxsiyyətinin və zəngin yaradıcılığının dərindən öyrənilməsinin zəruriliyini vurğulayaraq, maraqlı və elmi baxımdan dəyərli təqdimata görə M. Osmanoğluya fakültə rəhbərliyi adından təşəkkür edib.