Kütləvi informasiya vasitələri ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq və dialoqun düzgün qurulması dövrün əsas tələblərindən biridir. Bu baxımdan KİV-lə münasibətlər həm universitetlər, həm də ayrı-ayrı fakültələr səviyyəsində qurulur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi də KİV ilə yaxından əməkdaşlıq edir. Fakültənin təşkil etdiyi tədbirlər – elmi konfrans, seminar və təlimlər, ədəbi-bədii görüşlər, professor-müəllim heyətinin elmi-tədqiqatının nəticələri, elmi-pedaqoji uğurlar ölkəmizin aparıcı (AzərTac, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti, kriteti.az, yenicag.az və digər mötəbər) media orqanlarında işqılandırılır. Bununla yanaşı, fakültənin və onun nəzdindəki tələbə təşkilatlarının sosial media ünvanları da vardır.
Media orqanları ilə iş prosesinin effektivliyinin artırılması vacib məsələ kimi davamlı olaraq fakültə rəhbərliyinin diqqətində saxlanılır. Bunun üçün fakültənin fəaliyyəti barədə müvafiq məlumatların kütləvi informasiya vasitələrinə operativ, dolğun və sistemli şəkildə çatdırılması, aidiyyəti elmi və ictimai təsisatlarla informasiya mübadiləsinin təmin edilməsi, media ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi prioritet vəzifə sayılır.