“Yazılı nitqin inkişaf etdirilməsi” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Yazılı nitqin inkişaf etdirilməsi” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Dinara Adil qızı Kazi-zadə qeyd edib ki, dillər iki formada işlənir: şifahi və yazılı. Bilindiyi kimi, şifahi nitq əsasən danışıq, söhbət zamanı ünsiyyət qurmaq üçün, bəzi çıxışları reallaşdırmaq üçün istifadə olunur. Yazılı nitq isə bədii əsərlərin yaradılmasında, işgüzar sənədlərin yazılmasında və s. sahələrdə işlənir. Bu amil tədris prosesində də nəzərə alınmalıdır, çünki tələbələr dili öyrənərkən həm görmə, həm də eşitmə yaddaşının imkanlarından istifadə edirlər. Bu səbəbdən rus dili dərslərində müəllimlər müvafiq materialdan yararlanırlar. Yazılı nitqin inkişaf etdirilməsi üçün müxtəlif çalışmalar əsasında dilin leksikasının və qrammatikasının mənimsənilməsinə nail olurlar. Həmin çalışmaların bir neçəsini nümunə kimi göstərmək olar: a) Cümlələrin ixtisarı və genişləndirilməsi. Bu metod tələbələrə rus dili cümlələrində söz sırası qaydalarını öyrədir. b) Tədris olunan mətnin planını tərtib etmək. Burada tələbələr mətnin əsas məzmununun müəyyən edilməsini öyrənirlər. b) Suallara qısa və geniş cavab yazmaq; c) Yaradıcı imlanın yazılması; ç) Tərcümə ilə bağlı yazılı işlər; d) Əzbər öyrənilən mətnin yazılması və s.Hesab edirik ki, bu qəbildən olan çalışmalar üzrə işlər tələbələrin yazılı nitqini inkişaf etdirə bilər.
Elmi seminar müzakirələrlə yekunlaşıb.