Yazıçı Vaqif Sultanlı haqqında “Dənizlə sahil arasında” kitabı yayınlanıb
Bu günlərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlanıb. “Turan evi” nəşriyyatında yayınlanan kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilmişdir. Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
“Dənizlə sahil arasında” kitabına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Müzahim İsmayılzadənin “Vaqif Sultanlının “Qul bazarı”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Sürəyya Sultanovanın “Bir ömrün özəti”, İradə Musayevanın “Vaqif Sultanlının “Səhra savaşı” romanı haqqında”, Osman Fərmanoğlunun “Uzaq illərin yaxınlığı – təsadüflər yazısı”, Yusif Yusiflinin “Sənətlə elmin vəhdəti”, Eluca Atalının “Zamanından üstün ziyalı”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, İlahə Dadaşovanın “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək”, Fərhad Mədətovun “Vaqif Sultanlının “Səhra savaşı” romanında fəlsəfi motivlər”, İlhamə Qəsəbovanın “Öyrədənlərin öyrədəni: Vaqif Sultanlı”, Xəyalə Zərrabqızının “Tək bir insan dənizi”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Ruhəngiz Sultanovanın “Mənim müəllimim”, Fəxriyyə İsayevanın “İnsan dənizi”ndə tənhalaşan qəhrəman”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz”, Fidan Vahidin “Dənizlə sahil arasında...”, Sel Canın “Həyat, Qələm və Ölüm, ”Fəxriyyə Yüksəlin “Vaqif Sultanlının “İnsan dənizi” romanında şəxsiyyətin ikiləşməsi”, Elmir Həsənin “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”, Nəzrin Mirzəlinin “Adsız qəhrəmanların taleyi” yazıları diqqəti çəkir.
Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Türkiyə) “İnsan dənizi” romanı haqqında incələmə”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.
Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapmışdır. Vaqif Sultanlı həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirmişdir. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayınlanmışdır.