“XXI əsr rus ədəbi dilinin inkişafı” mövzusunda debatlar
BDU-nun Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs 142 və 143-cü qruplarında Rus dilçiliyi kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Aytən Qasım qızı Muradzadənin təşəbbüsü ilə “Rus ədəbi dil tarixi” fənnindən “XXI əsr rus ədəbi dilinin inkişafı” mövzusunda debatlar keçirilib.
Debat metodu “Jarqonların müasir ədəbi dilə təsiri” və “Alınma sözlərin və internet məkanının müasir rus ədəbi dilinə təsiri” mövzularında praktik olaraq tətbiq olunub. Qeyd edək ki, bu mövzu həmişə dərslərdə tələbələr arasında müzakirə obyekti olub. Bu müzakirələrdə mövzunun aktuallığı, internet jarqonunun bu günə qədər dilə təsir etməsinin həll olunmayan problemləri tələbələr tərəfindən işıqlandırılıb. Maraq doğuran məqam odur ki, internet dili artıq ünsiyyətin əsas vasitəsinə çevrilib və təəssüf ki, sosial mediada ədəbi dil normalarının pozulması artıq bir normaya çevrilib. Bu baxımdan, debatlarda mövzu hərtərəfli müzakirə olunub, tələblərin təklif və rəyləri dinlənilib.
Dərs zamanı tələbələr dörd qrupa ayrılıb, hər bir qrup jarqon, alınma sözlərin və internetin təsirinin müsbət və mənfi tərəflərini nəzərdən keçiriblər. Müzakirələr zamanı tələbələr plakatlardan, şəkillərdən, video və audio materiallardan istifadə ediblər.
Filoloq tələbələrə rus dilinin tədrisində debat metodlarının tətbiqi onlarda diskussiyaların, vacib ictimai məsələlərin müzakirəsinin aparılması, habelə problemli sahələrinin müəyyənləşdirilməsi, arqumentlərin axtarışı və formalaşdırılması bacarıqlarını və mədəniyyətini formalaşdırır.