“XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq ideologiyasının mühacirət dövrü” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq ideologiyasının mühacirət dövrü” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda laboratoriya əməkdaşları ilə yanaşı, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - professor Reyhan Həbibli, baş müəllim Təranə İsmayıl, fil.f.d. Aygün Məhərrəmova, Ümumi dilçilik kafedrasının əməkdaşı, fil.f.d. Lətafət Məmmədova iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriyanın elmi işçisi Samirə Məmmədova seminarın mövzusunun aktuallığından söz açaraq, XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq ideologiyasının mühacirət dövrünün araşdırılmasının əhəmiyyəti məsələsini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq ideologiyasının mühacirət dövrü barədə müfəssəl məlumat verib. O, Azərbaycan mühacirət ədəbiyyatının (1920-1930) əsas qayəsini Cümhuriyyət dövrünün ictimai-siyasi ideologiyasının təşkil etdiyini qeyd edib. Məruzədə mövzunun aktuallığından danışılarkən Azərbaycanın milli azadlıq ideologiyasından çıxış edən mühacir ədiblərin bu istiqamətdə yazdığı əsərlərlə İstiqlal mücadiləsinin ədəbi tarixini yaratdıqları və bununla da bu tarixi gerçəkliyin daima yaşama səbəbkarlarından biri olduqları vurğulanıb. Danılmaz həqiqət olan imperiyanın mənfur siyasəti sayəsində Azərbaycanın coğrafi məkanında Cümhuriyyət tarixini yazmaq və öyrənməyin 70 il qadağan olduğunu, qardaş Türkiyədə mühacir həyatı yaşayan Əhməd Cəfəroğlunun: “Müstəqil Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən istilası daxildəki milli ədəbiyyat məktəbini terroru ilə susdurmağa müvəffəq oldusa da, xaricdəki mühacir Azərilər arasında əksinə böyük bir əksül-əməl meydana gətirdi. Əslində daxildəki milli şeir məktəbinin davamçısı olan bu ədəbiyyatın məqsədi, bolşevik rus istilasına qarşı mücadilədən ibarətdir”- fikri mənbələrdən gətirilən örnəklər əsasında təhlil edilib. Məruzəçi məlum həqiqət kimi ədəbi tarixin oxunma və yaşam arealının daha geniş və uzunömürlü olması faktına da diqqət çəkib.
Sonra mövzu ilə bağlı çıxışlar olunub, məruzəçiyə suallar ünvanlanıb. Seminar müzakirələrlə yekunlaşıb.