“XX əsr türk romanı” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında “XX əsr türk romanı (X.Z.Uşaqlıgil və Ə.Nesinin romanları əsasında)” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkologiya kafedrasının professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən kafedra müdiri, professor Məhərrəm Məmmədov magistrantların elmi seminarlara cəlb olunmasının əhəmiyyətini vurğulayıb və seminar mövzularının araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən II kurs magistrantı Aysel Həsənova “Sərvəti-fünun” ədəbiyyatının nümayəndəsi Xalid Ziya Uşaqlıgilin roman yaradıcılığından, müasir türk romanının banisi sayılan yazıçının bu romanlarında realist və romantik mövzulara müraciət etməsindən, əsərlərinin bədii sənətkarlıq xüsusiyyətlərindən danışıb.
Digər məruzəçi - magistrant Ləman Əliyeva roman yaradıcılığı ilə Türkiyə ədəbiyyatında önəmli yer tutan Əziz Nesin haqqında təqdimat edib. Romanlarında tənqid hədəflərindən, insan və cəmiyyət problemindən ətraflı bəhs edib.
Sonda mövzu ilə bağlı çıxışlar edilib. Professorlar Elbrus Əzizov və Firuzə Ağayeva, dosentlər Firəngiz Kərimli və Kəmalə Nəcəfova məruzə edənlərə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Seminar müzakirələrlə yekunlaşıb.