Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və “Qiraət” klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov giriş sözü ilə çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin tarixindən, o cümlədən Xocalı soyqırımının başvermə səbəbləri və onun doğurduğu ağır nəticələrdən, bu qanlı aksiyaya hüquqi-siyasi qiymətin verilməsi və onun dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində görülən mühüm işlərdən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanlarının yerdə qalmadığını vurğulayıb. Bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazıb. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin edib.
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov tarixən xalqımızın başına gətirilən müsibətlərdən, o cümlədən Xocalı faciəsinin dünya miqyasında ağır cinayət aktı olmasından, belə tarixi hadisələrin gənc nəslə aşılanmasının əhəmiyyətindən, gənclərimizin vətənpərvər ruhda böyüməsində məktəblərin və universitetlərin rolundan, Xocalı soyqırımının dünya ictimaiyyətinə bundan sonra da düzgün çatdırılması istiqamətində tələbələrin aktiv fəaliyyətinin davam etdirilməsinin vacibliyindən söz açıb, gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıb.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub, Tələbə Gənclər Təşkilatının sədr müavini Şüşəxanım Vəliyevanın çıxışı dinlənilib, tələbələrdən Ülviyyə Orucova, Cahan Salmanova, Nərgiz Vəlizadə, Ayşən Heybətli və Mehrəngiz Qurbanovanın ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqi səsləndirilib.