“Xarici dilin mənimsənilmə səviyyələri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Xarici dilin mənimsənilmə səviyyələri” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedra müdiri professor Mikayıl Cəfərov qeyd edib ki, xarici dillərin o cümlədən rus dilinin tədrisinə dair araşdırmalar göstərir ki, bu sahədə səmərəli fəaliyyət nəticəsində tələbələrdə müvafiq dil bacarıqları formalaşır və müəyyən bir müddət ərzində onlar xarici dilin mənimsənilməsinə nail ola bilərlər. Bu məsələ dilçilər tərəfindən təhlil edilərkən burada sosial aspektlə bağlı olan dörd mərhələ ön plana çəkilir: əsl linqvistik, milli-mədəni, ensiklopedik və situativ səviyyələr. Metodik ədəbiatda isə dilin mənimsənilməsinin ibtidai, orta, inkişaf etmiş və peşakarlıq mərhələləri göstərilir. Hər bir mərhələni xarakterizə etmək üçün nitq fəaliyyəti sahələrinin (danışlıq, dinləmə, oxuma və yazma) göstəricilərinə istinad edilir. Məsələn ibtidai mərhələdə situasiyalara əsaslanaraq, öyrənilən sözlər və deyimlərin işlənməsi, qısa məktubların yazılması reallaşır. Mənimsənilmənin orta mərhələsində gündəliklə bağlı yazılı qeydlərin aparılması, mətn üzrə sual - cavab üsulunun tətbig olunması müşahidə olunur. Dilin mənimsənilməsinin inkişaf etmiş mərhələsində müəyyən problemlərin həlli üçün dialoqlarda iştirak etmək, radio - və televerlişləri dinləmək, bədii ədəbiyyat əsərlərini oxumaq bacarıqlarının olması zəruridir. Sonuncu, peşəkarlıq mərhələdə müəyyən mövzular üzrə disskussiyalarda iştirak etmək, məqalə, konspektlərin yazılmasını reallaşdıran bacarıqlara yiyələnmək vacib sayılır.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Seminar müzakirələrlə yekunlaşıb.