Xalq yazıçısı Elçin Əfəndiyev “Əbədi müasirimiz – Nizami haqqında söz” mövzusunda onlayn mühazirə oxuyub
Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Əbədi müasirimiz - Nizami haqqında söz" mövzusunda onlayn mühazirə keçirilib. Azərbaycan Respublikasının xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas Elçin Əfəndiyev BDU-nun, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin professor-müəllim heyəti və tələbələrinə, “Gənc istedadlar” liseyinin şagirdlərinə onlayn mühazirə oxuyub.
Elçin Əfəndiyev mühazirədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, ölməz əsərləri, humanist ideyaları ilə dünyanın ən tanınmış söz sənətkarlarının önündə dayanan Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatının inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və s. barədə söhbət açıb. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını qeyd edib. Xalq yazıçısı bildirib ki, böyük mütəfəkkirin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.
Daha sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Xalq yazıçısı Elçinə maraqlı mühazirəyə görə təşəkkür edib. BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı barədə məlumat verib. O, bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfrans və simpoziumların, mühazirələrin, seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını söyləyib.
Tədbir maraqlı müzakirələrlə davam edib.