Xalq şairi Zəlimxan Yaqubun 75 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbirin aparıcısı, fakültə üzrə TGT-nin sədri Hümbət Bədəlov şairin yaradıcılıq dünyasına geniş nəzər salaraq onun poeziyasında təbiət, Vətən, saz və xalq ruhu kimi motivlərin özünəməxsus yer tutduğunu qeyd edib, ədibin bu mövzularda yazdığı şeirlərdən nümunələr səsləndirib.
Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Nəzrin Əliyeva şairin məhəbbət lirikası barəsində ətraflı məlumat verib, onun insan hisslərini dərin psixoloji çalarlarla ifadə edən təkrarsız poetik nümunələrin müəllifi olduğunu bildirib, şeirlərindən parçalar səsləndirib.
Tədbirdə Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “Zəlimxan Yaqub poeziyasında bəşəri və əbədi dəyərlərin ifadəsi” mövzusunda geniş məruzə ilə çıxış edib, eyni zamanda şairin seçmə şeirlərini iştirakçılara təqdim edib.
Tədbirin bədii hissəsində şairin özünün səsləndirdiyi “Yaxşı ki, sən varsan, ay sədəfli saz” şeiri videoçarx vasitəsilə nümayiş olunub, Filologiya fakültəsinin tələbələri Validə Bayramlı və Sultan Əsədli şairin şeirlərini səsləndirib, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı sazda “Naxçıvani”, “Ruhani” və “Yanıq Kərəmi” sədaları altında Zəlimxan Yaqubun həyatından maraqlı əhvalatlar danışıb, bir sıra şeirlərindən nümunələr oxuyublar.