Xalq şairi Osman Sarıvəllinin 120 illiyinə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən tədbirin moderatoru – BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, onun təkrarsız poetik ustalığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb, sənətkarın ədəbi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov şairin yaradıcılığında saz və məhəbbət mövzusu barədə geniş məruzə edib, O.Sarıvəllinin adı ilə bağlı olan rəvayətləri auditoriyanın diqqətinə çatdırıb.
Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “O.Sarıvəllinin lirikasında təbiətin tərənnümü” mövzusunda məruzə edib.
Tədbir ədəbi-bədii çıxışlarla davam edib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı “Dilqəmi”, “Naxçıvani”, “Orta Sarıtel” və “Ruhani” saz havalarını ifa edib, şairin yaradıcılığından nümunələr söyləyiblər. Filologiya fakültəsinin tələbələri Validə Bayramlı, Sultan Əsədli və Yaqut Tağıyeva sənətkarın şeirlərini səsləndiriblər.
Sonra Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Osman Sarıvəllinin 120 illiyi ilə əlaqədar elan edilmiş “Hər kim yüz il yaşamasa, günah onun özündədir” mövzusunda esse müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticəsinə görə, Fatimə Qurbanova I, Nəzrin Həsənli II, Şəhriyar Məmmədov III yerə layiq görülüblər. Qaliblər sertifikatlarla mükafatlandırılıblar.