Xalq şairi Hüseyn Arifin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Azərbaycanın Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, “Söz” Yaradıcılıq Birliyinin rəhbəri Məti Osmanoğlu bildirib ki, ədəbi aləmə 1940-cı illərdə Hüseyn Hüseynzadə imzası ilə qədəm qoyan Hüseyn Arifin şair kimliyi, ədəbiyyat tarixindəki təyinatı özünü 1960-cı illərdə təsdiqləyib. Cəmiyyət üçün də, elm, mədəniyyət və ədəbiyyat üçün də köklü dəyişmələr, böyük silkələnmələr dövrü olan, sənətdə müxtəlif təmayüllərin rəqabətə girdiyi və bu rəqabətin bəzən ifrat hədlərə çatdığı, bəzən də hədləri aşdığı həmin illərdə Hüseyn Arifin adı, onun təmsil etdiyi təmayül, xüsusilə təbiət poeziyası ədəbiyyatımızda yeni bir təmayül müəyyənləşdirib.
Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu olan Hüseyn Arifin doğma təhsil ocağı ilə əlaqələri, universitetdə şairin iştirakı ilə keçirilmiş görüşlər xatırlanıb. Hələ birinci kursda oxuyarkən həmin görüşlərdən birinin fəal iştirakçısı olan, sonradan şairlə elmi və peşəkar ünsiyyətini davam etdirən akademik Nizami Cəfərov Hüseyn Arifin bir insan kimi xarakterinin özünəməxsusluqlarına diqqət çəkərək şairin insani təbiəti ilə yaradıcılığının bir-birini tamamladığını vurğulayıb. Sovet dövründə Azərbaycan Resublikasının Dövlət Himninin mətninin yazılmasının Ümummilli Lider Heydər Əliyev tərəfindən Hüseyn Arifə həvalə edilməsinin təsadüf olmadığını vurğulayan akademik Nizami Cəfərov bunun şairin bənzərsiz poeziyasının həm ədəbiyyat tariximiz, həm də milli oyanışımız baxımından fərqli hadisə olduğunu qeyd edib.
Tərdbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Saraclı, Türkologiya kafedrasının dosenti İslam Vəliyev, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov çıxış edərək şairin yaradıcılığının müxtəlif aspektləri haqqında məlumat veriblər.
Tədbirdə tələbələrin ifasında Hüseyn Arifin şeirlərindən nümunələr səsləndirilib, müasir aşıq sənətimizin istedadlı nümayəndəsi, şairin poeziyasının bilicisi Aşıq İlqar Qələmçəli şairin sevdiyi saz havalarını ifa edib.