Vaqif Sultanlının “Səhra savaşı” romanı Türkiyədə işıq üzü görüb
Bu günlərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Türkiyədə nəşr olunub. İstanbulun “Nestor” nəşriyyatında nəfis şəkildə yayınlanan kitabı Türkiyə türkcəsinə tanınmış tərcüməçi və ədəbiyyat araşdırıcısı Dr.Ənvər Uzun çevirib.
Qeyd edək ki, “Səhra savaşı” müəllifin Türkiyə oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan öncə, yazıçının roman, povest və hekayələr toplusundan ibarət “Ölüm yuxusu”, “İnsan dənizi” kitabları, habelə “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ruhun ağrıları” adlı elmi araşdırmaları Türkiyə türkcəsinə çevrilərək müxtəlif nəşriyyatlarda yayınlanıb.
Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanının süjet xətti zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisə və əhvalatların bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verib.
Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, yabançılaşma kimi mənəvi-əxlaqi sorunlara ciddi etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.
Kitabı kitabyurdu.com, pandora.com, babil.com, amazon.com saytlarından sifariş yolu ilə əldə etmək olar.