Vaqif Sultanlının hekayələr kitabı Sankt-Peterburqda nəşr olunub
Bu günlərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı Vaqif Sultanlının “Kül qəfəs” (“Пепельная клетка”) adlı kitabı Rusiyada nəşr olunub. Sankt-Peterburqun “Super” nəşriyyatında yayınlanan kitaba müəllifin müxtəlif dönəmlərdə yazıb mətbuatda və antoloji toplularda dərc etdirdiyi “Zolaqlı yuva”, “Tərs axın”, “Ağ yol”, “Qütb gecəsi”, “Nəvai-Qumru”, “Kor düyün”, “Axşam günəşi”, “Ada”, “Yad”, “İlan əfsanəsi” və başqa hekayələri daxil edilib. Tanınmış yazar və tərcüməçi İnessa Lovkovanın redaktorluğu ilə nəşr olunan hekayələri rus dilinə Natəvan Xəlilova, Mədinə Eldarova, Nadir Ağasıyev, Liliya Gərayzadə və Cavid Abbaslı çevirib.
Kitaba daxil edilən hekayələrin əsas mövzusu çağdaş dünyanı və yaşadığımız cəmiyyəti narahat edən mənəvi aşınma, əxlaqi çöküş kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışıb.
Qeyd edək ki, “Kül qəfəs” Vaqif Sultanlının rusdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Bundan öncə müəllifin “Yarpaqsız budaqların yaşıl nəğməsi” (2017), “Ölüm yuxusu” (2018), “Səhra savaşı” (2019) kitabları müxtəlif nəşriyyatlarda yayınlanıb.
Kitabı ozon.ru, litres ru, amazon.com və başqa saytlardan sifariş yolu ilə əldə etmək olar.