V.Sultanlının “Səhra savaşı” romanı Təbrizdə yayımlanıb
Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatünas Vaqif Sultanlının “Səhra savaşı” romanı Azərbaycanın Güneyində nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.
Onu da xatırladaq ki, “Səhra savaşı” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan öncə yazarın “İnsan dənizi” romanı Dr.Böyük Mollayinin fars dilinə çevirisində Tehranda (2014) və Zəncanda (2015) böyük tirajla yayımlanıb.
Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanında təsvir olunan olaylar zamanın çatlaması ilə gələ¬cəkdən imtina edərək keçmişə üz tutan baş qəhrəmanın – Qocanın taleyi fonunda aşkar¬lanır. Hadisələrin bu bağlamda çözümü müəllifə insan, zaman, dünya və gələcək haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verib.
Vaqif Sultanlının öncə yayımlanmış yazılarından yalnız məzmunca deyil, eyni zamanda forma-sənətkarlıq baxımından əhəmiyyətli dərəcədə seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga-nələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar aşınma probleminə etiraz ruhu ilə maraq doğurur. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörü¬yü ilə müşayiət olunan hadisə, əhvalat və epizodlarla şərtlənir.
Qeyd edək ki, Azərbaycan oxucularına ilk dəfə 2015-ci ildə təqdim edilən “Səhra savaşı” romanı daha sonra Ukrayna (2018), İngiltərə (2019) və Türkiyədə (2021) yayımlanıb.