Ümumi dilçilik kafedrasının dissertantı Günel Mahmudovanın elmi seminarı keçirilib
BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında 30 may 2025-ci il tarixində “İngilis və Azərbaycan dillərində məişət leksikası (linqokulturoloji təhlil)” mövzusunda elmi seminar keçirilib. Kafedranın dosenti Cavanşir Muradov seminar mövzusunun əhəmiyyətinə toxunaraq, araşdırılan məsələnin aktual olduğunu və gələcək tədqiqatların aparılmasına da yol açdığını xüsusi vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən kafedranın dissertantı Günel Mahmudova dil və mədəniyyətin qarşılıqlı əlaqəsi və münasibətləri dilçiliyin maraqlı məsələlərindən oduğundan, dilçilərin mədəniyyət və dili müxtəlif yönümdən incələməyə çalışmalarından, bunun da bir çox yanaşmanın meydana çıxmasından bəhs edib. Müasir dilçilik bu problemi millətdən ayrılıqda müxtəlif dil vasitələri ilə anlamağını bildirən məruzəçi eyni zamanda qeyd edib ki, dilçilərin bir qismi bu fikirdədir ki, sosial hadisə olan dil immanent dilçilik mövqeyindən nəzərdən keçirilməklə yanaşı, həm də mədəniyyətşünaslıq mövqeyindən nəzərdən keçirilməlidir, belə ki, dilin öyrənilməsi xalqın həyatının sosial-tarixi şərtlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır. Yalnız belə konteksdə dilin tam öyrənilməsi mümkündür, çünki o, eyni zamanda mədəniyyət faktı olaraq qalır. O göstərib ki, İngilis dilində mətbəx və süfrə ləvazimatı adları və geyim adları ingilis xalqının tarixi inkişafı və coğrafi həyat şəraiti ilə, Azərbaycan dilinin mətbəx və süfrə ləvazimatı adları və geyim adları Azərbaycan xalqının tarixi inkişafı və coğrafi həyat şəraiti ilə bağlıdır. İngilis yeməkləri ilə Azərbaycan yeməkləri növlərinə və tərkiblərinə görə bir-birindən kəskin surətdə fərqlənir. İngilis yeməkləri daha sadədir, Azərbaycan yeməkləri, bütün Şərq, xüsusən İran yeməkləri kimi daha zəngindir; bir xalqın yemək adlarını o biri xalqın dilinə adekvat tərcümə etmək olmur. Geyim adlarını da ingilis dilində Azərbaycan dilinə və ya əksinə adekvat sözlərlə tərcümə etmək mümkün deyil. Orta əsrlərdən başlayaraq XIX əsrə qədər bu və ya digər mətbəx və süfrə əşyalarına sahiblik və məişətdə istifadə rifah səviyyəsindən, eləcə də sahibinin tərbiyəsi və təhsili səviyyəsindən asılı idi. İnsanın maddi imkanları nə qədər çox olarsa, gündəlik həyatda onu bir o qədər çox qab-qacaq əhatə edər və qonaqlarını bir o qədər də gözəl süfrə düzərdi. Bu gün ingilis yüksək cəmiyyətində əks ənənə var: süfrə masasının maksimum sadələşdirilməsi, süfrə etiketi məsələlərində bəzi asketizm arzusu nəzərə çarpır. İstər mətbəx ləvazimatı adları, istərsə də geyim adları ingilis dilinə, Azərbaycan dilində ingilis dilinə ya təsviri üsulla tərcümə olunmalı, ya da reali sözlərlə verilməlidir.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Mövzu ilə bağlı çıxışlarda müzakirə edilməmiş məsələlərin öyrənilmə yolları yüksək qiymətləndirilib.
Elmi seminar müzakirələrlə yekunlaşıb.