Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yazan sərkərdə” adlı tədbir keçirilib. Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov dünya şöhrətli dahi Liderin keşməkeşli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və 2020-ci ildə əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova Heydər Əliyevin Azərbaycan dilinə və ədəbiyyatına xüsusi sevgisindən, ana dilimizə və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətindən, işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən ədəbi-mədəni quruculuq işlərindən danışıb.
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib. Tələbələrdən Nuran Yaqubovanın Heydər Əliyev haqqında yazdığı esse və Ləman Qafarovanın məruzəsi dinlənilib, Nərgiz Vəlizadə “Ulu Öndər”, Validə Bayramlı isə “Vətən oğlu” şeirlərini səsləndiriblər.