Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov dünya şöhrətli dahi Liderin keşməkeşli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və 2020-ci il əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır.
Rus dili (humanitar fakültələr üzrə) kafedrasının dosenti Sona Çəkrəz ötən əsrin 90-cı illərində Azərbaycanda yaranmış xaos və vətəndaş müharibəsinin qarşısının alınmasında, dövlətçiliyimizin qurulmasında Heydər Əliyevin rolundan, onun ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb.
Tədbirdə tələbələrin ifasında Heydər Əliyevə həsr olunmuş videoçarx göstərilib, haqqında çıxışlar edilib, şeirlər səsləndirilib.