Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xüsusi mühazirə keçirilib
BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkərlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər xalq, xalq Heydər deyəcək” mövzusunda xüsusi mühazirə təşkil olunub.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov dünya şöhrətli dahi Liderin keşməkeşli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və 2020-ci ildə əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır.
Sonra BDU-nun Humanitar fakültələr üzrə Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov tələbələrə Heydər Əliyev haqqında xüsusi mühazirə deyib. O, dahi liderin xalqımızın xilaskarına çevrilməsindən, dövlət və millət quruculuğundan, Azərbaycan dilinə və ədəbiyyatına xüsusi sevgisindən, ana dilimizə və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətindən, işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən ədəbi-mədəni quruculuq işlərindən danışıb.
Mühazirə tələbələrin çıxışları ilə davam edib.