"Türkoloji araşdırmalar" ETL-də elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Türkoloji araşdırmalar” ETL-də “Fransada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda tələbə, magistr və əməkdaşlar iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova türkologiyanın tarixindən söz açaraq, Fransadakı türkoloqların fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fransada türk dillərinin öyrənilməsinə, ümumən, türkologiyaya xüsusi maraq göstərilmiş, ötən yüzillikdə isə bu maraq daha da artmışdır. Bu elm sahəsinə diqqətin artması isə Fransada çoxsaylı araşdırmaların aparılmasına geniş şərait yaranmışdır. Fransa və Türkiyənin bir sıra sahələrdə qarşılıqlı əlaqələri də Fransada türk dilinin öyrənilməsinə marağı artırmışdır. Son dövrlərdə həmin ölkədə türkoloji mərkəzlərin fəaliyyətinin genişlənməsi və türkologiyaya marağın çoxalması bu mövzunu aktuallaşdırır. Bu baxımdan seminarın məqsədi türk dillərinin öyrənilməsində mühüm xidmətləri olmuş türkoloqları və Fransadakı əsas türkoloji mərkəzlər haqqında məlumatlar toplamaq, türkoloji dilçiliyin nəzəri məsələləri və müasir problemleri haqqında Fransa türkoloqlarının tədqiqatlarını təhlil etməkdir.
Sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – Ramil Bayramov və Pərvin Eyvazov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda seminarın mövzusunun aktuallığından, Fransa-Azərbaycan, Fransa-Türkiyə elmi-mədəni əlaqələrindən danışılıb, türkologiyanın aktual problemlərinə diqqət ayırmağın vacibliyi diqqətə çatdırılıb.