Türkologiyada və ümumi dilçilikdə parlaq imza - Əbülfəz Rəcəbli - 85
Azərbaycanda dil haqqındakı elmin (dilçiliyin və ya linqvistikanın) ənənəvi sahələri ilə müqayisədə ümumi, yaxud nəzəri dilçiliyin elmi əsaslarla öyrənilməsinə (öyrədilməsinə) nisbətən gec - 1919-cu ildə Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının yaradılması ilə başlanılıb. Bunun da ən mühüm səbəbi orta əsrlərdən etibarən Azərbaycan dilçiliyinin ərəb dilçilik məktəbinin təsiri altında olması idi ki, Şərq ölkələrində də dilin öyrənilməsində əsas prioritet istiqamət leksikoqrafiya - lüğətçilik idi. Nəhayət, 1924-cü ildə professor Bəkir Çobanzadə "Türk-tatar lisaniyyatına mədxəl" ("Türk-tatar dilçiliyinə giriş") adlı dərsliyini nəşr etdirdi ki, bu əsər türkologiyada ümumi (nəzəri) dilçiliyə dair ilk araşdırma oldu.
Keçən əsrin ortalarından başlayaraq isə ölkəmizdə ümumi dilçiliyə aid tədqiqatların əhatə dairəsi genişlənməyə başlayır: N.Məmmədov, A.Qurbanov, A.Axundov, M.Adilov kimi görkəmli alimlərimiz ümumən dilçiliyin əsaslarını yaradırlar.
Azərbaycanda ümumi dilçilik sahəsində ciddi araşdırmalar aparmış alimlərimizdən biri də BDU-nun Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəblidir. Ə.Rəcəblinin ümumi dilçiliyə aid ilk tədqiqatı 1979-cu ildə nəşr etdirdiyi "Dilçiliyə girişdən tapşırıqlar" adlı kitabı olub. Kitab həcmcə kiçik olsa da, gənc tədqiqatçının ilk əsəri olması baxımından dəyərlidir. Bundan sonra da o, ümumi dilçilik məsələləri ilə ardıcıl məşğul olmuş və "Dilçilik tarixi" adlı böyük həcmli kitab nəşr etdirmişdi. Bu kitab bir sıra parametrlərinə görə mütəxəssislərin diqqətini çəkib və yüksək qiymətləndirilib. Onu da qeyd edək ki, müəllif bu əsər üzərində araşdırmalarını davam etdirib və bunlar iki cilddə nəşr olunub. Hər iki nəşrin müqayisəsində inteqral elementlər diferensial elementləri üstələsə də, diferensial elementlər də yox deyil. Diferensial elementlər özünü onda göstərir ki, əsərin son variantında Humboldt və Sössür haqqında bəhslər tamamilə yenidən yazılıb. Fərqli cəhətlərdən biri də ikinci nəşrdəki kitabın fəsillərinin sayının əvvəlki nəşrdəkindən çox olmasında özünü göstərir.
Ə.Rəcəbli ümumi dilçilik sahəsinə aid yazdığı kitabların sayına görə dünyanın istənilən klassik dilçisi ilə müqayisə etmək olar. Alimin "Nəzəri dilçilik", "Dilçilik metodları", "Struktur dilçilik", "Sosiolinqvistika", "Tipoloji dilçilik", "Universalilər dilçiliyi", "V.fon Humboldt - ümumi dilçiliyin banisi kimi", "U.D.Uitni linqvist kimi", "F.de Sössürün dilçilik görüşləri"... kimi kitabları ümumi dilçilik məsələlərinin Azərbaycanda öyrənilməsi baxımından alimlərin, müəllimlərin, tələbələrin stolüstü kitabına çevrilmişdir. Ə.Rəcəbli daha çox türkoloji araşdırmalarına görə novator alim hesab edilsə də, ümumi dilçilik sahəsində çəkdiyi zəhmətə görə "dilçilik elmimizin fəhləsi" adlandırıla bilər.
Əbülfəz Rəcəblinin fəaliyyəti bir neçə istiqamətdə qiymətləndirilə bilər. Bir elm adamı kimi daim axtarışdadır, yeni-yeni elmi əsərlər ortaya qoyur. O, təkcə elmi əsərlər yazmır, həm də onlarla doktorant və dissertanta elmi rəhbərlik edir.
Əbülfəz Rəcəbli hərtərəfli biliyə malik dəyərli şəxsiyyətdir. Onunla türkologiyadan danışsan, ən yaxşı türkoloq, nəzəri dilçilikdən danışsan, ən yaxşı dil nəzəriyyəçisi, Azərbaycan dilçiliyindən danışsan, dilimizin qanunlarını mükəmməl bilən elm adamı, ədəbiyyatdan danışsan, bütün Azərbaycan və dünya klassiklərinə tam bələd olan ədəbiyyatşünas, hətta riyaziyyatdan danışsan, ən yaxşı riyaziyyatçı təsiri bağışlayan insandır. Bir sözlə, onun elmi fəaliyyəti filologiyanın hüdudlarını çoxdan aşmışdır.
Bu günlərdə dəyərli professor, Əməkdar müəllim Əbülfəz Rəcəblinin 85 yaşı tamam olur. Yaşının müdriklik dövründə tələbələri olaraq dəyərli müəllimimizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik. Əbülfəz Rəcəblinin yazdığı elmi əsərlər dilçilik elmi üçün həmişə bir işıq olacaq və o işığın kölgəsində neçə-neçə alimlər yetişəcək.
Anar FƏRƏCOV
Qismət CƏFƏROV
BDU-nun Ümumi dilçilik kafedrasının müəllimləri