Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəli Nizami Gəncəvi Beynəlxalq Forumu haqqında təəssüratlarını bölüşür
24-26 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak etmək şansım oldu. İstəyirəm ki, forumun elmi əhəmiyyətindən və Nizami irsinin dünyaya tanıdılması baxımından bəzi məqamlara toxunum.
Forumda 15-ə yaxın ölkədən 40-a yaxın elm adamı və eləcə də bir sıra dövlət rəsmiləri iştirak etdi. Bu fakt elə özü sübut edir ki, Nizami Gəncəvi dünya səviyyəsində necə tanınır. Onun adı nəhəng Avropa yazıçıları ilə birlikdə çəkilir, müqayisələr edilirdi. Baxmayaraq ki, Nizami Gəncəvinin irsi ingilis dilinə tam tərcümə edilməyib, amma araşdırmaçılar onun "Xəmsə"ini və lirikasını orijinaldan oxuyub, tədqiqata cəlb etmişlər.
Forum öz işini üç gündə, beş panel üzrə davam etdirdi: “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri", “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları”.
Panellərin adları, ümumiyyətlə, forumun özünün adı heç də təsadüfi seçilməyib. Nizamini təkcə Şərq mədəniyyətinə aid etmək, onu dar çərçivəyə salmaq olardı. Nizami Gəncəvinin ideya və fikirləri ümumbəşəri idi, cəmiyyətin inkişafına, mədəniyyətinə əsaslanırdı. Nizami “İskəndərnamə”də yaratdığı o ideal mühiti görmək istəyirdi. Məhz buna görə, onun əsərləri dünyanın dörd bir tərəfində, yeddi qitəsində diyar-diyar gəzmiş və özünə çox geniş bir oxucu kütləsi qazanmışdı. Heç təsadüfi deyil ki, bu gün də Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünyanın ən məşhur muzey və arxivlərində tapılır. Demək ki, Nizami Gəncəvi cismən Gəncədən kənara çıxmasa da, onun yaradıcılıq nümunələri əsasında nəinki Şərqdə, eləcə Qərbdə özünə məktəb yaratmış bir yazar olmuşdur. Bu mənada Nizamiyə, həqiqətən də, mədəniyyətlərarası körpü kimi yanaşmaq özünü doğruldur.
Panellərdəki məruzələrin hamısını burada şərh etmək qeyri-mümkündür, bu səbəblə mənim üçün daha maraqlı olan bir neçə məruzəni qeyd etmək istəyirəm.
Forumda, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıçın “Nizami simvolları müasir insanlara nə deyər?” məruzəsi xüsusi maraqla qarşılandı. O, Nizaminin dünya ədəbiyyatında hikmət əhli, hikmət sahibi olaraq tanınmasından bəhs etdi. Həmin dövrün təzkirəçilərinin dediyi “Nizami hər nə qədər şahlarla, sultanlarla əlaqədə olsa da, göstəriş və şöhrətə düşkün deyildi, evində xəlvətdəki dərviş kimi yaşıyırdı” fikirlərini yada saldı. Professor Nizaminin “Nizami kimi ol. Başqası kimi olma, onun kimi yaşa ki, cahan sultanı sənin kölən olsun” misraları üzərində dayandı və Nizaminin hikmət sultanı olmasını izah etdi. Daha sonra Nizami yaradıcılığındakı sufizm izlərindən bəhs etdi. Sonda qeyd etdi ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməli və yeni nəslə onu örnək kimi tanıtmalıyıq. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurmaq asan olar.
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, mətnlər və müasir ideologiyalar tarixi üzrə mütəxəssis Kərim İfrakın “Dünya ədəbiyyatında Nizami təsiri” məruzəsi də bir sıra maraqlı məqamlarla diqqəti cəlb edir. O qeyd etdi ki, Nizaminin zəngin yaradıcılığı Çoser, Şekspir, Dante, Bokkaçço, Şiller, Höte, Balzak, M.Tven, Volter və başqa dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun "Leyli və Məcnun" poemasına 500-dən çox nəzirə yazılıb. Avropa xalqlarının ədəbiyyatlarında da Nizami yaradıcılığı ilə səsləşən və "Xəmsə"nin təsiri ilə əsərlər yazılıb. Bokkaççonun "Ameto" povesti, K.Qozzinin "Yarı ciddi, yarı zarafat" ("Turandot") nağılı, Y.Hammerin "Şirin" poeması, Volterin "Zadiq, yaxud tale" povesti, M.Tvenin "Tom Soyyerin macəraları" romanında və başqa əsərlərdə, eyni zamanda Şillerin "Turandot" pyesində Nizami Gəncəvinin təkcə "Yeddi gözəl" poemasının süjet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir. Eyni zamanda Hötenin "Qərb-Şərq divanı"nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunub. XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə "Məcnun və Leylinin məhəbbəti" mənzum poemasını qələmə alıb və bu əsər əsasında İsaak Brandon "Qeys, yaxud səhrada məhəbbət" adlı opera bəstələyib. Məruzəçi onu da əlavə etdi ki, bəstəkarlardan K.Beber, F.Buzoni və C.Puççini Nizaminin "Yeddi gözəl" poemasının motivləri əsasında musiqi əsərləri bəstələyiblər.
Pakistan Milli Akademiyası Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavahanın Nizami Gəncəvi yaradıcılığının sufi-irfani cəhətlərindən və onun hikmətli fikirlərindən bəhs edən məruzəsi də ayrıca qeyd edilməlidir. O, diqqətə çatdırdı ki, Cəlaləddin Rumi və Nizami yaradıcılığı Pakistanda ən çox müraciət edilən mövzudur. Uzun müddət orada fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq mütaliə edilib.
Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozinin məruzəsi də ən yaddaqalan çıxışlardan oldu. O, ölkəsində Nizami ilə bağlı tədqiqatlardan söz açdı. Bildirdi ki, Nizami irsinin tədqiqinin Macarıstanda beş əsrlik tarixi var. Macarıstan 150 il Osmanlı imperiyasının tərkibində olduğundan həmin dövrdə Nizami Gəncəvi geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur. Bu əlyazmanın əsas nüsxəsi “Xəmsə”nin xülasə formasıdır. Professor qeyd etdi ki, Macarıstanın tanınmış alimləri A.Vambery, V.Bacher, S.Kegi və başqaları Nizami yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar müəllifi kimi tanınırlar. S.Kegi 1980-ci illərdə Azərbaycana səfər edib və Bakı şəhəri və Nizami Gəncəvi haqqında kitab yazıb. O öz əsərlərində dəfələrlə Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.
Mirzə Uluqbəy adına Özbəkistan Dövlət Universitetinin Özbək ədəbiyyatı kafedrasının müdiri Hamidulla Baltabayev “Nizami Gəncəvi “Xəmsə”sinin özbək ədəbiyyatşünaslığında öyrənilməsi” adlı məruzəsində qeyd etdi ki, Özbəkistan Nizaminin tədqiqi baxımından öndə olan ölkələrdəndir. Bildirildi ki, təsadüfi deyil ki, Nizami "Xəmsə"sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondundan əldə edilib. Nizami "Xəmsə"si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Yazıçı-dramaturq Kamil Yaşen yazır ki, böyük şairin vəfatından on illərlə sonra Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif "Müftah ül-ədl" (“Ədalətin açarı”) adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin "Şah və iki bayquş" haqqında hekayəti təşkil edirdi. Özbəkistanda müxtəlif zamanlarda müxtəlif elmi mənbələrdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunub. 1940-cı illərdə Nizami və Nəvainin yubiley günləri çərçivəsində bu səpgidə xeyli elmi məqalələr işıq üzü görüb. Özbək ədəbiyyatının klassiki, azərbaycanlı şair, tərcüməçi, ədəbiyyatşünas, pedaqoq Maqsud Şeyxzadənin (1908-1967) yetirməsi olan filologiya elmləri doktoru, professor Natan Mallayevin "Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti" adlı monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hazırda Özbəkistanın muzey fondlarında Nizami haqqında 30-a yaxın əlyazma saxlanılır. Bunlardan 12-si “Xəmsə”yə aiddir.
Özbəkistanın “Darakchi” nəşriyyat evinin direktoru Rustamjon Cabbarovun çıxışı da xüsusilə maraqla qarşılandı. Belə ki, R.Cabbarovun Nizaminin Azərbaycan türkü olmasına dair tutarlı faktlarla səlis Azərbaycan dilində çıxış etməsi iştirakçılarının izdihamlı alqış və təqdirini qazandı.
Onu da qeyd edim ki, forum çərçivəsində Nizaminin özbək dilində çap olunan “Xəmsə”sinin və Fransada nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın təqdimatı da keçirildi
Bütün bunlar onu göstərir ki, Nizami Gəncəvinin doğumundan nəinki 880 il, minilliklər keçsə belə, onun dünyəvi fikirləri, ümumbəşəri ideyaları həmişəyaşar olacaq. Nizami elə bir ədəbiyyat günəşidir ki, daim dünyaya işıq saçacaq, bizləri nurlandıracaq.
Sonda qeyd edim ki, belə bir forumun keçirilməsi, ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin 2021-ci ili Nizami Gəncəvi ili elan etməsi bizləri çox sevindirir və qürurlandırır. Arzu edirəm ki, bu cür mədəni, elmi beynəlxalq səviyyəli tədbirlərin sayı çoxalsın, biz də dünyaya Azərbaycan mədəniyyətini layiqincə tanıdaq.