Mərhum Cəfər Cəfərovun xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında tanınmış alim və müəllim Cəfər Cəfərovun anadan olmasının 85 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, tələbələr və mərhumun yaxınları iştirak ediblər. Öncə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli Cəfər Cəfərovun elmi yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, türkoloq alim qədim türk dillərinin tədqiqi və tədrisi sahəsində, o cümlədən türk damğalarına dair mühüm araşdırmaların müəllifidir. Türk damğaları haqqında üzə çıxardığı faktları Orxon abidələri ilə müqayisə edən tədqiqatçının türk tayfa adlarının mənşəyinə dair görüşləri də dilçilik baxımından maraq doğurur və həmin fikirlər bu gündə aktuallığını saxlayır.
“Cəfər Cəfərovun həyatı və yaradıcılığı” adlı məruzə ilə çıxış edən dosent İslam Vəliyev tanınmış alimin Türkmənistandakı elmi-pedaqoji fəaliyyətindən, “Türkmən ədəbi dilində işlənən fars sözləri” adlı namizədlik dissertasiyasında, habelə, qədim türk yazılı abidələri, qədim türk əlifbaları, türk xalqlarının yayılma arealı, türk onomastikasına dair elmi görüşlərinin türkoloji dilçilik baxımından əhəmiyyətindən, Cəfər Cəfərovun həm də şair kimi ədəbi yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini danışıb.
Sonra kafedranın əməkdaşları mərhumun həyatı və fəaliyyəti haqqında çıxışlar edib, xatirələrini bölüşüblər.