Türkologiya kafedrasında “İtaliyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında “İtaliyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkologiya kafedrasının professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən kafedra müdiri, professor Məhərrəm Məmmədov seminarın mövzusunun əhəmiyyətinə toxunub, Avropada fəaliyyət göstərən əsas türkoloji mərkəzlərin, o cümlədən italyan türkoloqlarının fəaliyyətinin araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçisi Pərvin Eyvazov İtaliyada aparılan türkoloji tədqiqatlar, xüsusilə türk dillərinin öyrənilməsinə dair araşdırmalar haqqında ətraflı məlumat verib. Məruzədə italyan tədqiqatçıların türklər haqqında qələmə aldıqları ilk əsərlər və müasir mərhələdə italyan türkologiyasının əsas istiqamətləri barəsində geniş söz açılıb. Avropada türklər haqqında yazılmış ilk araşdırmaların müəllifləri olan Andrea Dandolo, Filippo Argenti, Pyetro Ferraquto, Covanni Battista Donado, Cambattista Toderini, habelə müasir italyan türkologiyasının görkəmli nümayəndələri Luici Bonelli, Ettore Rossi, Alessio Bombaci, Aldo Qallotta, Anna Masala və başqa alimlərin fəaliyyətlərindən ətraflı söz açılıb, İtaliyanın Neapol Şərqşünaslıq Universiteti, Ka Foskari Venesiya Universiteti, Florensiya Universiteti, Leççe Salento Universiteti, Roma Sapientsa Universitetinin və s. italyan türkologiyasının inkişafındakı rolundan bəhs edilib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Professor Elbrus Əzizov, dosentlər Firəngiz Kərimli və Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və başqaları məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.