Türkologiya kafedrasında elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Ziya Göyalp Türkiyə Cümhuriyyətinin fikir qurucularından biri kimi” adlı elmi seminar keçirilib. Elmi seminarda kafedranın professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Kəmalə Nəcəfova bildirib ki, XX əsrin əvvəllərində Türkiyədə başlayan milli hərəkatlar ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, milli-ədəbi proseslərdə də bir canlanma yaradıb. Türkçülük ideyalarının çox qüvvətli şəkildə inkişafında, onun milli-ədəbi cərəyan səviyyəsində yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri Ziya Göyalpdır. Ziya Göyalp həyatının bütün dövrlərində fəaliyyətini millətinə xidmətə yönəldən şəxsiyyətdir. Onun yaradıcılığı əslində millətini yüksəltməyin geniş proqramıdır. Bu proqramda görkəmli şəxsiyyət birinci növbədə milli şüur və milli vicdan problemini ön planda saxlayır. Ziya Göyalp yaradıcılığında millət anlayışı, millətə baxış konsepsiyası da özünün aktuallığı ilə seçilir. O, hər bir milləti dil, din, əxlaq, estetika baxımından bağlılıq münasibətində formalaşmada qəbul edir. Ziya Göyalp millətinə bağlı, onu canından da artıq sevən bir şəxs kimi daim mənsub olduğu xalqının inkişafını arzulayıb.
Natiq onu da vurğulayıb ki, Ziya Göyalpın türkçülük düşüncə və ideyalarının, onun tarixi, elmi və fəlsəfi dəyərlərinin əski problemlərinə həsr etdiyi mühüm əsərlərindən biri “Türkçülüyün əsasları”dır. Təsadüfi deyildir ki, əsər türkçülüyün tam bir proqramı kimi layiqli qiymətini alıb, məsələlərə tarixi, elmi-fəlsəfi, hüquqi-əxlaqi və s. cəhətdən aydınlıq gətirilib. “Türkçülüyün tarixi” və “Türkçülüyün proqramı” şəklində səciyyələnən iki bölümdə türkçülüyün və turançılığın mahiyyəti əsas götürülməklə, onun gələcəyi və qarşısında dayanan məsələlərə də münasibət bildirilib.
Sonra kafedranın əməkdaşlarından professor Firuzə Ağayeva, professor Elbrus Əzizov, dosent Afaq Məmmədova və başqaları mövzu ilə bağlı çıxışlar edib, məzurəçinin araşdırmasını yüksək qiymətləndiriblər.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.