Türkiyənin tanınmış türkoloq alimləri BDU-nun Filologiya fakültəsində olublar
Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsi Müasir türk dilləri və ədəbiyyatları kafedrasının əməkdaşları – kafedra müdiri, professor Ercan Alkaya və dosent Süleyman Kaan Yalçın bu ölkənin Ali Təhsil Şurasının (YÖK) elmi tədqiqat universitetlərinə verdiyi dəstək proqramına uyğun “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” adlı layihə çərçivəsində BDU-nun Filologiya fakültəsinin qonağı olublar. Dialektologiya və toponimika məsələlərinə dair birgə müzakirələrin aparıldığı görüşdə Türkologiya kafedrasının professor-müəllim heyəti iştirak edib.
Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov qonaqları salamlayaraq, Bakı Dövlət Universiteti ilə Fırat Universiteti arasında türkologiya sahəsində elmi əlaqələrin əhəmiyyətindən söz açıb, son dövrlər kafedrada görülmüş işlər, Azərbaycanda aparılan dialektoloji araşdırmalar, dialekt və şivələrin öyrənilməsinə dair yazılmış yeni elmi əsərlər, tərtib olunmuş lüğətlər və atlaslar haqqında geniş məlumat verib, hazırda Qərbi Azərbaycan şivələrinin tədqiqi yönündə atılan addımlardan danışıb.
Fırat Universitetinin kafedra müdiri, professor Ercan Alkaya Bakı Dövlət Universiteti ilə türkologiya sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi üçün birgə səylərin artırılmasını, dialektologiya və toponimika istiqamətində qarşılıqlı araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. Həmçinin qonaq Türkiyədə son dövrlər aparılan dialektoloji tədqiqatlardan, xüsusilə ilk dəfə olaraq türk dili şivələrinin dialektoloji atlasının tərtib olunması ilə bağlı görülən işlərdən söz açıb, zəngin söz varlığına malik Azərbaycan dili şivələrinin dialektoloji lüğətinin həcmcə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, Azərbaycan mikrotoponimlərinin qədim və müasir türk dilləri ilə müqayisəli araşdırılmasının aktual mövzu olduğunu bildirib.
Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın hazırda icrası davam edən layihənin məzmunu, elmi əhəmiyyəti və görülmüş işlər barəsində məlumat verib. Bildirib ki, oğuz qrupu türk dillərindəki mikrotoponimlərin araşdırılması çərçivəsində layihənin növbəti mərhələsi Azərbaycan mikrotoponimlərinin və dialekt materiallarının toplanması, habelə bu istiqamətdə yazılmış elmi əsərlərin əldə olunaraq sonradan müqayisəli təhlil edilməsi ilə bağlıdır. Məhz bu məqsədlə Azərbaycanda ezamiyyətdə olduqlarının bildirən türkoloq alim layihənin icrasının Azərbaycan tərəfindən dəstəkçilərinə - Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədova və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazova nəzəri və praktik materialların əldə olunmasında göstərdikləri köməkliyə, həmçinin səmimi münasibətə və xüsusi qonaqpərvərliyə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə iştirak edən İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, Türkologiya kafedrasının dosentləri – İslam Vəliyev, Afaq Məmmədova və Sevda Sadıqova, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramov türkoloji dilçilik istiqamətində birgə araşdırılmaların aparılmasının perspekitvlərini müzakirə edib, layihənin icrasında və gələcək fəaliyyətlərində hər iki alimə uğurlar arzulayıblar.