Türkiyənin Fırat Universitetinin alimləri BDU-nun Filologiya fakültəsində olublar
Türkiyənin Fırat Universitetinin Təhsil fakültəsinin professoru, Texnoparkın baş direktoru Yalın Kılıç Türel və Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru Süleyman Kaan Yalçın Bakı Dövlət Universiteti ilə elmi innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq çərçivəsində ortaq layihələrin və tədqiqatların aparılması məqsədilə BDU-da görülən işlərlə, habelə Tələbə Elmi-texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra qonaqlar Filologiya fakültəsinin Türkologiya kafedrasının qonağı olub, tədris prosesində, o cümlədən humanitar elmlər sahəsində müasir texnologiyaların tətbiqi və süni intellektdən istifadə məsələlərini müzakirə edib, texnoloji yeniliklərin filologiya elmləri üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Görüşdə türkoloji araşdırmalar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.