Türkiyəli şair Ömər Ərdəmlə görüş
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Filologiya fakültələri və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə müasir türk ədəbiyyatının nümayəndəsi, şair Ömər Ərdəm ilə görüş keçirilib. Tədbirdə Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin də üzvləri iştirak edib.
Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi üçün belə tədbirlərin önəmini qeyd edib, son vaxtlar BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. Daha sonra tələbələrə türk poeziyasının inkişaf mərhələləri haqqında məlumat verib.
Tələbələrlə görüşə şad olduğunu deyən şair Ömər Ərdəm isə tarixi və sosial-iqtisadi faktorların türk ədəbiyyatına təsirindən söz açıb, müasir dövrdə türk poeziyasının inkişafı və problemlərindən danışıb.
Şair yaradıcılığının əsas mövzusu və forma xüsusiyyətləri ilə bağlı sualları cavablandırıb, şeirlərini səsləndirib.
Tədbirin sonunda müəllif “İstanbul’a” şeir kitabını tələbələrə hədiyyə edib.