Ramil Bayramovun AZƏRTAC-a müsahibəsi
Türk xalqlarının tarixində elə şəxsiyyətlər olub ki, onlar Türk dünyasının birliyinə, bütövlüyünə daim can atıb, bu ideya uğurunda çalışıblar. Milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev qeyd edilən ideyaların reallaşması istiqamətində mühüm işlər görüb. Dahi rəhbər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusilə böyük diqqət göstərirdi. Hələ SSRİ dövründə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubiley tədbirində Azərbaycan dilinə olan diqqətini, məhəbbətini məhz ana dilində çıxış edərək göstərmişdi. Həmin dövr üçün bu, çox qətiyyətli addım idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov söyləyib. R.Bayramov vurğulayıb ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dili Azərbaycan Respublikasının həm 1978-ci il, həm də 1995-ci il Konstitusiyasında dövlət dili kimi təsbit olunub. Bütün bu uğurlar Ulu Öndərin gərgin fəaliyyətinin bəhrəsidir.
Müdrik rəhbər Heydər Əliyev türk xalqları arasında əlaqələrin genişləndirilməsində dilin, ədəbiyyatın, mədəniyyətin, adət-ənənələrin rolunu yüksək dəyərləndirirdi. Bakı Dövlət Universitetində Türkologiya kafedrasının təşkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un yaradılması, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud” eposunun yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider 1995-ci ildə Qazaxıstanda Abay Kunanbayevin 150 illik, Qırğızıstanda “Manas”ın 1000 illik yubileylərində iştirak etmişdi. Heydər Əliyevin Türk dünyasının bir çox tanınmış ədəbiyyat xadimləri ilə, o cümlədən Çingiz Aytmatov və Oljas Suleymenov ilə görüşləri olub, Ulu Öndər onların yaradıcılığına yüksək qiymət verib.
1996-cı ildə ölkəmizdə Füzulinin 500 illik yubileyi keçirildi. Həmin tədbirdə Ulu Öndər deyib: “... Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda, bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur”. Ulu Öndər çıxışlarında türk xalqları arasında əlaqələrinin dərinləşməsinə xüsusi diqqət göstərirdi. Heydər Əliyev 1994-cü ildə İstanbulda keçirilən türk dövlətləri başçılarının II Zirvə toplantısında, 1996-cı ildə türkdilli dövlət başçılarının Daşkənddə keçirilən IV Forumunda, Türk dünyası yazıçılarının III Qurultayında, 1998-ci ildə Qazaxıstanda türkdilli ölkələrin V Zirvə görüşündə və s. kimi mühüm tədbirlərdə iştirak edib, türk xalqlarının birliyi ilə bağlı tarixi əhəmiyyət kəsb edən fikirlərini söyləyib.
“Dahi rəhbər Heydər Əliyev ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün çox uğurla həyata keçirilir. Azərbaycan çox sürətlə inkişaf edir, onun dünyada nüfuzu daha da yüksəlir, beynəlxalq əlaqələri, xüsusilə türk xalqları ilə əməkdaşlığı genişlənir. Bütün bu nailiyyətlər bizim birliyimizə, həmrəyliyimizə böyük inam yaradır”, - deyə R.Bayramov bildirib.