“Türk mifopoetik ənənəsində evlənmə və toy mərasim-ritualları: strukturu və tipologiyası” mövzusunda elmi seminar
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Türk mifopoetik ənənəsində evlənmə və toy mərasim-ritualları: strukturu və tipologiyası” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları – dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Məhəmməd Məmmədov, dosent Könül Həsənova və kafedranın magistrantları iştirak ediblər. Mövzu ilə bağlı məruzə edən kafedranın professoru, filologiya elmləri doktoru Ülkər Azad qızı Nəbiyeva evlənmə və toy ritual-mərasimlərinin mifoloji strukturu və qaynaqlarının araşdırılmasının aktuallığından bəhs edib. Məruzəçi evliliyin insan həyatında önəmli yer tutan məişət mərasimlərindən biri kimi folklorşünaslığımızda da diqqəti cəlb edən aktual mövzulardan biri olduğunu vurğulayıb. Mənbələrə istinadən göstərilib ki, evlənmə mərasimi həm dünya xalqlarının, həm də türk xalqlarının mifik təfəkküründə “doğumla ölüm arasında yer alan və yaşama yön verən bir anlaşma”, iki fərdin ailə quraraq nəslini davam etdirməsi, həmçinin “ictimai quruluşun təməlini qoyan” faktorlar kimi qəbul edilməkdədir. Ülkər Nəbiyeva evlilik və evlənmə ilə bağlı süjetlərin İslam mənbələrində əks olunması probleminə toxunaraq göstərib ki, İslam qaynaqlarına görə, ilk evli cütlük, Adəm ilə Həvvadır. İnsan nəsli Adəmlə Həvvanın yarısı qız, yarısı kişi olan uşaqlarının evlənməsi ilə artmışdır.
Məruzəçi mənşəyini “qadağan meyvə” və “Tanrı mərtəbəsindən qovularaq yer üzünə endirilmək”lə bağlı izahatlardan alan, ilk dönəmlərdə yalnız birliklər olaraq diqqət çəkən, ictimai varlıq mərhələsinə daxil olduqdan sonra isə evliliyin “toy” əsasında başlanmasına diqqət yetirib və “toy” ifadəsinin əski türklərdə topluluq, böyük toplantı anlamında olsa da “bayram”, “ziyafət”, “düyün ziyafəti” və s. mənasında da işlənməsini diqqətə çatdırıb.
Məruzəçi türk xalqlarının mifopoetik ənənəsində evlilik və toy mərasim –rituallarının strukturu, onların tipoloji səciyyəviliyi, eləcə də yakutlarda, xakaslarda, saha və digər türk xalqlarında zəngin toy ritual və ayinləri , o cümlədən “odla ruhun təmizlənməsi” və s. barədə məlumat verib. Tarixən türksoylu xalqların ailəyə, evlilik məsələlərinə, ailə dəyərlərinə həssas yanaşması, ailədə kişi sözünün önəmli olması, amma bununla yanaşı, ailə daxilində həm də qadının, ananın söz haqqına sahib olması məsələsi də xüsusi vurğulanmışdır ki, “Ana haqqı Tanrı haqqı” deyimi türklər arasında qadına, anaya olan münasibətin bariz ifadəsidir. Bütün bu dəyərlərin türklərin epos və dastan yaradıcılığında öz əksini tapması da konkret nümunələrlə şərh olunmuşdur.
Elmi seminar müasir tələblərə uyğun aparılıb. Mövzu ilə bağlı məruzəçinin on bir slayddan ibarət təqdimatı da diqqətə çatdırılıb. Professor Ülkər Nəbiyevanın çıxışından sonra mövzu ilə bağlı ona suallar ünvanlanıb, çıxışlar edilib.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə başa çatıb.