“Türk mifoloji sistemində Umay obrazı: strukturu, funksiyaları və tipologiyası” mövuzunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Türk mifoloji sistemində Umay obrazı: strukturu, funksiyaları və tipologiyası” adlı seminar keçirilib. Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova elmi seminarın mövzusunun aktuallığından bəhs edərək, mifoloji sistemdəki Umay obrazı haqqında məlumat verib: “Bir çox dünya xalqlarının mifik təfəkküründə Ulu Ana vahid bir struktur yaxud obrazlar sistemidir. Bu invariant struktur Şərqdə “Təbiət Ana”, Qərbdə “Yer” və ya “Torpaq Ana” və ya qadın başlanğıcı ilə əlaqələndirilmişdir. Ulu Ana obrazının zamanla transformasiyası nəticəsində daşıdığı funksiyalar digər mifoloji varlıqlar üzərinə köçürülmüş, bunun nəticəsində Boz Qurd, Xızır, İrkıl, Erlik, Umay, Qarı nənə, Hal anası, Al nənəsi və s. obrazlar yaranmışdır”.
Kafedranın professoru Ülkər Nəbiyeva folklorşünaslıqda Umay obrazı ilə bağlı tədqiqatlara toxunub: “Umay, yaxud Humay obrazının ilk tədqiqatlarının rus və Avropa araşdırıcıları tərəfindən aparılması diqqəti cəlb edir. Xüsusilə, Potapov, Verbitski, V. Radlov, G. Potanin kimi tədqiqatçıların bu mövzuda mif mətnlərinin öyrənilməsi və toplanması işində xidmətləri təqdirəlayiqdir. Həmçinin Azərbaycanda M.Təhmasib, M.Seyidov, A.Şükürov, A.Nəbiyev, C.Bəydili, F.Bayat , türk tədqiqatçılarından A. İnan, B. Ögel, M. Uraz, S. Yıldırım, , qazax araşdırıcısı O. Janaydarovun Umay obrazının və onunla bağlı mif mətnlərinin öyrənilməsindəki xidmətləri diqqətəlayiqdir”. Məruzəçi Ulu Ana kompleksinin atributlarını daşıyan obrazlardan olan Umayın struktur və funkiyalarından ətraflı bəhs edərək onun artım və çoxalma ideyası ilə bağlılığından söz açıb.
Sonra məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəllim heyəti çıxışla bağlı fikirlərini bölüşüblər. Elmi seminar müzakirələrlə yekunlaşıb.