“Türk dünyasında yakutlar və həzəralar” mövzusunda tələbə elmi seminarı
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin və Türkologiya kafedrası nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Türk dünyasında yakutlar və həzəralar” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri Ramil Bayramov və Pərvin Eyvazov, Türkologiya kafedrasının doktorantı Məleykə Mirzəli, TEC-in üzvləri və tələbələr iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov tələbələrin elmi seminarlarının davamlı olaraq keçirilməsinin əhəmiyyətindən və gənclərin elmə olan marağının artırılmasının vacibliyindən söz açıb, mövzunun türkologiyanın aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb.
Yakut türkləri ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Mehrəngiz Qurbanovanın məruzəsində yakutların nə üçün “saxa” adlandırılması, bu etnonimin mənşəyi, yakutların tarixi, dili, folkloru, ədəbiyyatı, adət-ənənələri, dini dünyagörüşləri, bugünkü vəziyyətləri haqqında geniş məlumat verib, mövzuya dair videoçarxlar nümayiş etdirib.
Həzəra türkləri ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aydan Sultanova həzəra etnonimi, onların tarixi, folkloru, dini dünyagörüşləri, mövcud vəziyyətləri və həzəra türklərinə dair aparılan tədqiqatlar barəsində ətraflı məlumat verib.
Sonra tələbələrə suallar ünvanlanıb, məruzələrlə bağlı çıxışlar edilib. Kafedra müdiri, professor M.Məmmədov, müəllimlərdən R.Bayramov və P.Eyvazov, doktorant M.Mirzəli, TEC sədri Z.Rəhimova və başqaları tələbələrin çıxışlarını yüksək qiymətləndirib, onlara öz tövsiyələrini veriblər.