“Türk dillərinin öyrənilməsi tarixi”ndən açıq dərs
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs Fl-148-ci qrupunda Türkologiya kafedrasının saathesabı müəllimi Pərvin Eyvazovun “Türk dillərinin öyrənilməsi tarixi” fənnindən açıq məşğələ dərsi keçirilib. Açıq dərsdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Abbas Abbasov və Türkologiya kafedrasının müəllimi Şəbnəm Abbasova iştirak ediblər.
Avrasiyada əsas türkoloji mərkəzlərə və Ural-Altay nəzəriyyəsinə həsr olunmuş məşğələdə fəal (interaktiv) dərsin mərhələlərinə əməl olunaraq tələbələr arasında motivasiya xarakterli sorğu aparılıb, mövzu barəsində onların araşdırıcılıq bacarıqlarını inkişaf etdirən müzakirə mühiti yaradılıb. Sonra tələbələrdən Halə İmanova “İtaliyada türkoloji araşdırmalar”, “Vilhelm Tomsen və qədim türk yazılı abidələrinin öyrənilməsi”, Fidan Poladlı “Almaniyada türkoloji araşdırmalar”, Xədicə Nağıyeva “Azərbaycanda türkoloji araşdırmalar”, Səidə İbrahimova “Çexiyada türkoloji araşdırmalar” mövzusuna dair hazırladıqları təqdimatları nümayiş etdirib, Fidan Xəlillinin I Türkoloji qurultay, İbrahim Əliyevin isə Ural-Altay nəzəriyyəsi ilə bağlı çıxışları dinlənilib. Həmçinin çıxışlar zamanı dinləyici tələbələr öz yoldaşlarına suallar ünvanlayıblar.
Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov və İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Abbas Abbasov tələbələrin açıq dərsə xüsusi hazırlanmalarını, onların texniki vasitələrdən, internet resurslarından, elmi ədəbiyyatlardan istifadə bacarıqlarını və türkologiyaya maraq göstərmələrini yüksək qiymətləndirib, dərsin gedişi ilə bağlı fikirlərini bölüşərək, öz dəyərli tövsiyələrini veriblər.