TGT Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib
BDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı: Bir Ruhun Canlanması” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov çıxış edərək, erməni vandalizminin tarixindən, Xocalı soyqırımının baş vermə səbəblərindən danışıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.
Sonra Filologiya fakültəsinin tələbələri Nuran Yaqubova, Aygün Məmmədli və Coğrafiya fakültəsinin tələbələri Kəmalə Bayramova, Nərmin Hacızadə Xocalı soyqırımına həsr olunmuş çıxışlar ediblər.
Tədbirdə Coğrafiya fakültəsinin tələbələri – Zəhra Yusubova, Əliabbas Babayev, İsmayıl Məmmədov, Nurgül Əliyeva, Aysu Əlizadə və Faiq Seydəliyevin Xocalı soyqırımına dair hazırladıqları səhnəcik nümayiş olunub, Filologiya fakültəsinin tələbəsi Aysu Türkel və Nuran Yaqubovanın ədəbi-bədii çıxışları dinlənilib.