Tələbələrimiz Siyasi Repressiya Qurbanları Muzeyində olublar
“BDU Könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Xarıbülbül”, “Retro-Filologiya” və “Travel and learn” klublarının birgə təşəbbüsü ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar tələbələr Siyasi Repressiya Qurbanları Muzeyinə ekskursiya ediblər.
Muzeyin yaradılmasının 5 illiyinə təsadüf edən ekskursiyada könüllülər muzeyin fəaliyyəti və ekspozisiyası ilə yaxından tanış olub, repressiya qurbanlarının həyatı və fəaliyyəti haqqında məlumatlar əldə ediblər.
Qeyd olunub ki, muzey 1925-ci ildən SSRİ-nin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb. Vaxtilə binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub. Muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında yaradılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.