Tələbələrimiz “Ədibin Evi”nə ekskursiya ediblər
Aprelin 26-da görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115 ili tamam olur. Bu münasibətlə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin üzvləri “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri Pərvin Eyvazov və Ramil Bayramovun rəhbərliyi ilə “Ədibin evi”nə ekskursiya ediblər.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva tələbələri salamlayaraq, XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və həmin evdə anadan olmuş yazıçının oğlu akademik Arif Paşayev 2017-ci ildə buranı bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib. Mir Cəlalın məşhur əsərləri, o cümlədən “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı”, həmçinin bir çox populyar satirik hekayələri bu evdə qələmə alınıb. Eyni zamanda qeyd olunub ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ötən müddət ərzində Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edən bir çox tədbirlər həyata keçirib.
Ekskursiya zamanı tələbələr Mir Cəlala dair bəzi şəxsi əşyalarla, haqqında yazılmış kitablarla tanış olub, “Ədibin Evindən Hekayələr” layihəsi çərçivəsində yazıçının “İngilis dili” hekayəsini dinləyiblər.
Sonra Ş.Mehrəliyeva tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri Pərvin Eyvazov və Ramil Bayramov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, o cümlədən Mir Cəlal irsinin tədqiqi və təbliği sahəsində bu mədəniyyət ocağı tərəfindən görülən işləri yüksək qiymətləndirib, göstərilən xüsusi diqqətə görə fakültə rəhbərliyi və tələbələr adından Ş.Mehrəliyevaya təşəkkürlərini bildirərək, “Ədibin Evi”nin fəaliyyətinə uğurlar arzulayıblar.