Tələbələr “Ədibin Evi”nə ekskursiya edib
Aprelin 26-da görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasından 114 il ötür. Bu münasibətlə BDU-nun Filologiya fakültəsinin tələbə və magistrantları sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun rəhbərliyi ilə “Ədibin evi”nə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat yolu, yaradıcılığı haqqında məlumatlar əldə edib, ona dair bəzi şəxsi əşyalarla, haqqında yazılmış kitablarla tanış olublar. Həmçinin onlar “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında “Ədibin Evindən Hekayələr” layihəsi çərçivəsində bir neçə hekayəni dinləyiblər.
Sonra muzey əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda tələbələr göstərilən diqqətə görə muzey əməkdaşlarına təşəkkürlərini bildirib, onların marağına səbəb olan “Ədibin Evindən Hekayələr” layihəsinə qatılmaq arzusunda olduqlarını bildiriblər.
Qeyd edək ki, 2017-ci ildə açılan “Ədibin Evi” Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı mənzildir.