Tələbələr Azərbaycan İstiqlal Muzeyinə ekskursiya ediblər
Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr Azərbaycan İstiqlal Muzeyinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi gənclərdə tariximizə maraq oyatmaq, milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaq, eləcə də tələbələrin dünyagörüşünü və vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.
Ekskursiya çərçivəsində tələbələr muzeydə nümayiş etdirilən zəngin tarixi eksponatlarla yaxından tanış olub, Azərbaycan xalqının istiqlal uğrunda apardığı mübarizəni əks etdirən sənədlər, fotolar, şəxsi əşyalar və digər nadir materialları müşahidə ediblər. Muzey bələdçilərinin ətraflı izahları tələbələrin eksponatlara daha dərindən yanaşmasına və tarixi hadisələri canlı təsəvvür etməsinə şərait yaradıb. Tələbələr ekskursiya zamanı aktivlik göstərib, müxtəlif suallar verib və tariximizlə bağlı maraqlı müzakirələr aparıblar.
Bundan əlavə, ekskursiya çərçivəsində tələbələr 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş xüsusi tədbirdə də iştirak ediblər. Tədbir zamanı tələbələrə İkinci Dünya müharibəsində Azərbaycanın rolu, xalqımızın ön və arxa cəbhədə göstərdiyi fədakarlıq, qəhrəmanlıq nümunələri haqqında ətraflı məlumat verilib. Gənclər bu tarixi günün əhəmiyyətini bir daha dərk edib, xalqımızın azadlıq və sülh uğrunda keçdiyi çətin, amma şərəfli yola bir daha nəzər salıblar.