Tələbə Gənclər Təşkilatı Laçının işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Laçın rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Aydan Rüstəmzadə giriş sözü ilə çıxış edərək, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatından, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın məzmunundan və Laçının işğaldan azad olunmasından danışıb.
Sonra Filologiya fakültəsi tələbələrinin - Fatimə Nağızadə, Aydan Rüstəmzadə və Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadənin çıxışları dinlənilib. Çıxışlarda rayonun tarixi və strateji əhəmiyyəti, amansız şəkildə işğal və istismar olunması, erməni terrorçularının rayonu yerlə-yeksən etmələri və maddi-mədəniyyət nümunələrini dağıtmaları, işğaldan sonrakı mövcud vəziyyət haqqında məlumat verilib, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərlərindən, rayon ictimaiyyəti ilə görüşlərindən, bölgədə sürətli şəkildə aparılan bərpa və quruculuq işlərindən söz açılıb.