Tələbə Gənclər Təşkilatı Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Aydan Rüstəmzadə giriş sözü ilə çıxış edərək, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatından, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın məzmunundan və Kəlbəcərin işğaldan azad olunmasından danışıb.
Sonra Filologiya fakültəsinin tələbələrinin – Fəridə Süleymanova, Aydan Rüstəmzadə və Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadənin çıxışları dinlənilib. Çıxışlarda rayonun tarixi, amansız şəkildə işğal olunması, erməni terrorçularının rayonu yerlə-yeksən etmələri və maddi-mədəniyyət nümunələrini dağıtmaları və işğaldan sonra mövcud vəziyyət haqqında məlumat verilib. Həmçinin qeyd olunub ki, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Lakin onlara verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.