Tələbə Gənclər Təşkilatı Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ağdam rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı onlayn tədbir keçirilib.
Tədbiri aparıcı Fatimə Nağızadə giriş sözü ilə çıxış edərək, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatından, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın məzmunundan və Ağdamın işğaldan azad olunmasından danışıb.
Sonra Filologiya fakültəsinin tələbələrinin - Aydan Rüstəmzadə, Fəridə Süleymanova, Bənövşə Heydərova və Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadənin çıxışları dinlənilib. Çıxışlarda rayonun tarixindən, amansız şəkildə işğal olunmasından, erməni terrorçularının rayonu yerlə-yeksən etmələri və maddi-mədəniyyət nümunələrini dağıtmalarından, 2020-ci il noyabr 20-də Prezidenti İlham Əliyevin xalqa müraciətindən, Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçuların “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmələrindən söz açılıb, hazırda işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Ağdamda həyata keçirilən mühüm quruculuq işləri barəsində məlumat verilib.