Tələbə Elmi Cəmiyyətinin yeni tədris ilində ilk iclası
Sentyabrın 14-də BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti idarə heyətinin yeni tədris ilində ilk iclas keçirilib. İclasda Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin idarə heyəti, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri Pərvin Eyvazov və Ramil Bayramov, Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov iştirak ediblər.
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov TEC-in üzvlərini yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. TEC-in elmi rəhbəri tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən, 2023-2024 tədris ili üçün TEC-in qarşısında dayanan əsas vəzifələrdən, gənclər arasında, xüsusilə universitetə qəbul olunmuş I kurs tələbələri arasında elmin təbliğ olunmasının vacibliyindən danışıb, qarşıdakı aylarda keçiriləcək tədbirlər barəsində tələbələrin fikirlərini öyrənib.
Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova TEC-in fəaliyyətini daha gücləndirmək məqsədilə bir sıra təkliflər irəli sürüb, onların gerçəkləşməsi üçün müzakirələrin aparılmasını zəruri hesab edib.
Sonra “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramov və Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov TEC tərəfindən təşkil olunacaq dilçilik və ədəbiyyatşünaslıq klublarının fəaliyyəti ilə bağlı tələbələrə öz tövsiyələrini verib, yeni tədris ilində TEC-in fəaliyyətinə uğurlar arzulayıblar.
Sonda tələbələrin sualları cavablandırılıb, təklif və tövsiyə olunan məsələlər ətrafında müzakirələr aparılıb.