TEC Sergey Yeseninin yaradıcılığına həsr olunmuş elmi seminar keçirib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin həyatı və yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib. Seminarın məruzəçisi - Filologiya fakültəsinin I kurs tələbəsi Fatimə Qurbanova mövzu barəsində geniş çıxış edib, şairin yaradıcılığını yalnız duyğularının ifadəsi deyil, həm də dövrün sosial və mədəni reallıqlarını əks etdirən dərin fəlsəfi düşüncələrin zəngin mənbəyi kimi qiymətləndirib. Məruzəçi qeyd edib ki, S.Yeseninin əsərləri xalqın acısını, sevincini, həmçinin milli kimliyini və vətənpərvərliyini hər bir misrasında canlandırır. Onun şeirləri sadəcə ədəbiyyatın incə nümunələri olmaqla qalmır, həm də insanın həyatın mənası, əzab və zövq arasındakı incə tarazlığı anlaya bilməsi üçün ilham mənbəyinə çevrilib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Ümumi dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Lətafət Məmmədova Sergey Yeseninin bədii irsindən söz açaraq, məruzəyə münasibətini bildirib, S.Yeseninin yaradıcılığının gənclər tərəfindən araşdırılmasını yüksək qiymətləndirib və məruzəçiyə uğurlar arzulayıb.
Filologiya fakültəsi TEC-in sədri Nəzrin Əliyeva məruzə ilə bağlı görüşlərini bölüşüb, rus ədəbi fikrinin, həmçinin rus-Azərbaycan ədəbi əlaqələrinin inkişafı baxımından Sergey Yeseninin yaradıcılığının əhəmiyyəti haqqında məlumat verib.
Elmi seminar müzakirələrlə başa çatıb.